İQTİSADİYYAT
“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət müsabiqə komissiyası investisiya müsabiqəsinin əsas şərtlərini müəyyən edib. Şərtlər müəyyən edilərkən özəlləşdirmənin ölkənin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi üçün prosesə cəlb olunmuş məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb. İnvestisiya müsabiqəsi ilə bağlı elan komitənin rəsmi internet səhifəsində və özəlləşdirmə portalında (privatization.az) yerləşdirilib, eləcə də “Respublika” qəzetinin 17 noyabr nömrəsində dərc edilib. Elanda səhmdar cəmiyyətin maliyyə, iqtisadi və texniki göstəriciləri barədə ətraflı məlumatlar əksini tapıb.
Komissiyanın qərarına əsasən, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99,22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməlidirlər. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan investisiya proqramı təqdim etməlidirlər. Min iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əməkhaqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməlidir. Bununla yanaşı, digər iqtisadi, sosial və ekoloji tələblər yerinə yetirilməlidir.
Qeyd edək ki, komitənin özəlləşdirmə portalında adıçəkilən səhmdar cəmiyyətlə bağlı ətraflı mətn və foto məlumatlar əksini tapıb. Burada müəssisənin yaradılması, istehsal gücü, yerləşməsi, istehsal prosesi, özəlləşdirmədən sonra gözlənilən perspektivlər barədə məlumatlarla tanış olmaq mümkündür.
Müsabiqə ilə bağlı elanda səhmdar cəmiyyətin hüquqi ünvanı, nizamnamə kapitalı, investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı, əhatə etdiyi torpaq sahəsi və üzərindəki tikililərin xarakteristikası, işçilərin sayı, səhmdar cəmiyyətin öhdəlikləri və s. barədə məlumat verilib.
Qeyd olunduğu kimi, iddiaçılar üçillik dövrü əhatə edən investisiya proqramı (biznes plan) təqdim etməlidirlər. Bu proqramda səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı təkliflər verilməlidir. Həmin təkliflər özündə yataqlardakı dəmir filizinin illik hasilatının həcmi (təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla), yeni iş yerləri, büdcəyə köçürüləcək vəsait, müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işləri barədə tədbirləri əks etdirməlidir. Şərtlərə əsasən, yerli xammal bazasında rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixracyönümlü polad məhsulların istehsalı ölkə daxilində təşkil edilməlidir. İnvestisiya proqramında xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən klasterin qurulması ilə bağlı təkliflər də yer almalıdır.
Müsabiqə qalibi alqı-satqı müqaviləsi bağlandıqdan sonra bir sıra öhdəlikləri yerinə yetirərək dövlət büdcəsinə ödəmək üçün təklif etdiyi vəsaitin beh şəklində nəzərdə tutulmuş məbləğdən az olmayan hissəsini dekabrın 30-dək büdcəyə köçürməlidir. Həmçinin 60 təqvim günü müddətində səhmdar cəmiyyətin əməkhaqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərini həyata keçirməlidir. Səhmdar cəmiyyətin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının ödənilməsi təmin edilməlidir. Bundan başqa, investisiya qoyuluşunu investisiya proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirməlidir.
Müsabiqə təkliflərinin qəbulunun son tarixi 2016-cı il dekabrın 19-u, təkliflərin qiymətləndirilməsinə başlanılması tarixi isə dekabrın 20-si müəyyən edilib.