REGİONLAR
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulması davam edir VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Dövlətimizin başçısının Sərəncamına əsasən, Daşkəsən rayonunun uzunluğu 31 kilometr təşkil edən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə müvafiq olaraq 6 metr təşkil edir. Hazırda IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yol yenidən qurulur.
Tikinti layihəsinə uyğun olaraq, yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4,2 kilometrlik hissəsində dördbucaqlı su keçidinin tikintisi işləri davam edir.
Artıq yolun 26 kilometrlik hissəsinə 2 qat yeni asfalt-beton örtüyü döşənib, 5 kilometrlik hissədə isə asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb.
Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud 2 ədəd bir aşırımlı avtomobil körpülərinin bərpası işləri görülüb. Hazırda yolboyu zəruri yerlərdə beton maneələrin tikintisi aparılır.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.