REGİONLAR
Daşkəsən rayonunun prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər
Daşkəsən 2 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Daşkəsən rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokurorluğunun işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və dahi rəhbərin ruhuna ehtiramlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabrın 1- i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Ə.Abıyev qeyd edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yoluna qədəm qoyub.
Əhəd Abıyev çıxışında prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığnı bildirib, Daşkəsən Rayon Prokurorluğunun işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara məsul və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.
Sonra tədbirdə rayon prokurorluğunun rəhbərliyi çıxış edərək bundan sonra da onlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bütün qüvvələrini sərf edəcəklərini vurğulayıblar.