REGİONLAR
Daşkəsəndə xalq sənətkarlığı ilə məşğul olanlar üçün ABAD tərəfindən layihələr həyata keçiriləcək
Daşkəsən, 24 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “Ailə Biznesinə ASAN dəstək” (ABAD) publik hüquqi şəxs tərəfindən ailə biznesinin qurulması məqsədilə Daşkəsən rayonunda dekorativ tətbiqi sənətin müxtəlif növləri ilə məşğul olan sənətkarlar üçün maarifləndirici tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Daşkəsəndəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Azər Hacıyev qeyd edib ki, ABAD layihəsi çərçivəsində Daşkəsəndə sənətkarların fəaliyyətinin artırılması və ailə biznesinin yaradılmasına kömək göstərilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
“ABAD”ın direktor müavini Ülvi Bədəlov layihə haqqında məlumat verərək deyib ki, Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Ailə Biznesinə ASAN dəstək” publik hüquqi şəxsi yaradılıb. Hazırda ABAD kənd təsərrüfatı məhsullarının emalı malları və dekorativ-tətbiqi xalq sənətkarlığı məhsulları olmaqla əsasən iki sahədə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək göstərir. Layihə çərçivəsində bu günədək 165-dən çox ailəyə və sahibkara kömək göstərilib. Qurum Daşkəsən rayonunda da öz layihələrini reallaşdıracaq.
Qurumun layihələrin idarəedilməsi və logistika departamentinin müdiri Araz İsmayılov vurğulayıb ki, tədbirin məqsədi rayonun təcrübəli sənətkarlarını üzə çıxarmaq və onların səriştəsindən istifadə etməklə gənc sənətkarları da bu sahəyə cəlb etməkdir. Gənclərə ustad dərsləri keçməklə onların peşəkar olmalarına yardım ediləcək. Sənətkarların təqdim etdikləri bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” etiketi yerləşdirilir. Bu loqotip və “ABAD” etiketinin olması həmin məhsulun həm də orijinallığından xəbər verir.
Sonra yerli sənətkarlarla müzakirələr aparılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.