REGİONLAR
Daşqaldırma birinciliyində “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası birinci olub
Naxçıvan, 13 fevral, AZƏRTAC
Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında keçirilən daşqaldırma birinciliyində 16 komandadan 96 idmançı 6 çəki dərəcəsində mübarizə aparıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib.
Yarışdan əvvəl polkovnik-leytenant Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə birinciliyin təşkil olunduğunu qeyd edib və idmançılara uğurlar arzulayıb.
Sonra yarışa start verilib.
Hər çəki dərəcəsində şəxsi yerlər birdən və təkanla qaldırma üzrə yığılmış ən çox xalla müəyyən edilib. Şəxsi hesabda 60 kiloqram çəki dərəcəsində əsgər Cavad Əkbərli, 65 kiloqram çəki dərəcəsində baş çavuş Rəşad Həsənov, 70 kiloqram çəki dərəcəsində əsgər Kənan Cəlilov, 80 kiloqram çəki dərəcəsində çavuş Elgün Əsgərov, 90 kiloqram çəki dərəcəsində gizir Sərxan Zeynalov və 90 kiloqramdan yuxarı çəki dərəcəsində əsgər Allahverdi Allahverdiyev birinci yerə layiq görülüb.
Yekun nəticələrə əsasən komanda hesabında üçüncü yerdə motoatıcılar, ikinci yerdə xüsusi təyinatlılar, birinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası qərarlaşıb. İlk üçlüyə düşməyi bacaran qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.