CƏMİYYƏT
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Yardımlı rayonunun Ləzran kəndində baş verən hadisə ilə bağlı birgə məlumat yayıb
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu bu il fevralın 23-də Yardımlı rayonunun Ləzran kəndi ərazisində baş verən və ölümlə nəticələnən hadisə ilə bağlı birgə məlumat yayıb.
Hər iki qurumun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fevralın 23-də saat 17 radələrində Yardımlı rayonunun Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərov ilə rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş vermiş münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıblar. Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb. Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə olunub, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri aparılıb.
İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurduğunu etiraf edib. O, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə dörd ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılıb. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam edilib.
Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi Azərbaycan Respublikasının baş prokuroru və daxili işlər naziri tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.