CƏMİYYƏT


Daxili İşlər Nazirliyinin nümayəndələri qaçqın və məcburi köçkünlərlə görüşüblər

Bakı, 29 dekabr, AZƏRTAC 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində - dekabrın 29-da daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini qarşıdan gələn bayramlar münasibətilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.

Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini dövlətimizin başçısının qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün icra qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində qazanılmış uğurlardan danışıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, həmin rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və nazirliyin rəhbərliyinə təşəkkür ediblər.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Prezidentimizin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Respublikanın daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 70 min manatlıq vəsait Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.