SİYASƏT


Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib

Bakı, 7 avqust, AZƏRTAC 

Avqustun 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasim ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa edilib.

Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Hərbi hissə komandiri polkovnik-leytenant Telman Həsənov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.

Mərasimdə iştirak edən Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov hərbi andiçmə münasibətilə əsgərləri təbrik edib.

Daxili Qoşunların Komandanı hərbi andı qəbul etdikləri günün hərbi qulluqçuların həyatında unudulmaz, şərəfli və təntənəli bir gün olduğunu vurğulayıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı və qurucusu olduğu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olan Daxili Qoşunlar məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində yüksək döyüş hazırlığına, sosial və maddi-texniki bazaya malik olub. Bu gün də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərimizin ənənələrini, onun Silahlı Qüvvələrə diqqət və qayğısını uğurla davam etdirir. Eyni zamanda, bu gün Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi məqsədilə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr və göstərişlərinə uyğun davamlı tədbirlər həyata keçirilir.

General-leytenant Şahin Məmmədov hərbi andın Azərbaycanın cəsur, sədaqətli vətəndaşı olmaq üçün əsgərlərin atdığı ilk addım olduğunu qeyd edərək, Vətənin taleyinin yalnız millətini, torpağını sevən, onun uğrunda canını hər an fəda etməyə hazır olanlara etibar edildiyini bildirib: “Qəlbinizdə, düşüncənizdə ancaq Vətənə namusla, ləyaqətlə xidmət etmək hissi olsun. Sizə həvalə olunmuş bütün vəzifələri uğurla yerinə yetirməyi, sıralarına daxil olduğunuz Daxili Qoşunların adını və nüfuzunu qorumağı, ucaltmağı arzu edirəm”.

Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı əsgərləri hərbi andiçmə münasibətilə bir daha təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun dövlət və dövlətçilik naminə əmrlərini yerinə yetirməyə hər an hazır olacaqlarına, dövlətimiz tərəfindən göstərilən ali diqqət və qayğıya fədakar xidmətləri ilə cavab verəcəklərinə əminliyini bildirib.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Qeyd edək ki, Daxili Qoşunlar Komandanının müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədovun və Daxili Qoşunların Baş İdarəsində İnspeksiyanın rəisi polkovnik Rəşadət Nəbiyevin iştirakı ilə digər iki hərbi hissədə də andiçmə mərasimləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.