ELM VƏ TƏHSİL
Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçiriləcəkdir
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 8-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri “Mübariz Keşikdə” qəzetində, həmçinin ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunmuş, DİN-in rəsmi internet saytında yerləşdirilmişdir.
Sənədlərin qəbulu Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılmışdır.
Müsabiqədə iştirak etmək üçün 314 nəfərin namizədliyi qeydə alınmışdır. Onlardan 85 nəfəri hüquq istiqaməti üzrə, 229 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd vermişdir.
Namizədlərə test imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” təqdim olunmuşdur.
İşə qəbul iki istiqamət – hüquq və pedaqogika istiqamətləri üzrə aparılır.
İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaqdır. Hüquq istiqaməti üzrə sənəd vermiş namizədlərə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaqdır.
Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaqdır.
Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.