DÜNYA
Dekabrın 12-də Avstriyada peyvənd olunmuş və xəstəlikdən sağalanlar üçün lokdaun başa çatacaq
Vyana, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Avstriya hökuməti federal əyalət qubernatorları və ekspertlərlə toplantıdan sonra noyabrın 22-dən bütün ölkə üzrə qüvvədə olan lokdaun barədə qərarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Federal Kansler Karl Nehammer çıxışında əhaliyə söz verildiyi kimi, lokdaunun dekabrın 12-də başa çatacağını bildirib. Eyni zamanda qeyd edilib ki, lokdaun ləğv edildikdən sonra mərhələli şəkildə obyektlərin açılması baş verəcək. Bununla yanaşı diqqətə çatdırılıb ki, peyvənd olunmayanlar üçün lokdaun dekabrın 12-dən sonra da qüvvədə qalacaq.
Bildirilib ki, lokdaun sayəsində pandemiyanın dördüncü dalğasının qırılmasına nail olunub, gündəlik yoluxmaların sayı 15 mindən 5-6 minə düşüb. Lakin bu, müvəqqəti fasilə xarakteri daşıdığına görə, əhali arasında vaksinasiya kampaniyasında aktiv iştirak pandemiyaya qarşı mübarizədə əsas amil olaraq qalacaq və yalnız bu yolla pandemiyanın aradan qalxması mümkündür.
Yoluxma səviyyəsinin fərqli olduğunu nəzərə alaraq federal əyalətlərdə otel, qastronomiya və ticarət obyektlərinin açılmasında fərqli tarixlər nəzərdə tutulur. Burqenland, Tirol və Forarlberq əyalətləri dekabrın 12-dən bütün sahələrin açılmasına icazə verdiyi halda, Aşağı Avstriya, Zalsburq və Ştiriyada qastronomiya və otellər dekabrın 17-dən müştəriləri qəbul edəcək. Vyanada isə qastronomiya obyektləri dekabrın 20-dən qapılarını müştərilərə açacaq. Ümumilikdə götürdükdə isə ticarət, qastronomiya, turizm, mədəniyyət və idman sahələri üzrə lokdaun başa çatacaq, peyvənd olunmuş və xəstəlikdən sağalmış şəxslərə bu sahələr üzrə obyektlərdə xidmət göstərilə biləcək. Qastronomiya obyektlərinin fəaliyyətinə saat 23:00-a kimi icazə veriləcək.
Mətbuat konfransında, həmçinin bildirilib ki, təxminən on günlük vaxt məsafəsi ilə aktual vəziyyət qiymətləndiriləcək və lazım gələrsə, məhdudiyyətlərin yumşaldılması və ya sərtləşdirilməsi barədə qərar veriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana