CƏMİYYƏT


Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Dünyada İİV-lə yaşayan 38,4 milyon insan var

Bakı, 1 dekabr, AZƏRTAC

Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.

AZƏRTAC xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerika Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

Ölkəmizdə QİÇS xəstəsi ilk dəfə 1987-ci ildə qeydə alınıb. Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata görə, bu ilin on ayında immun çatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində 8 min 500 xəstə qeydiyyata alınıb. Onlardan 5 min 903 nəfəri kişi, 2 min 597 nəfəri qadındır. Son 10 ayda ölkədə İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Onların da 68 faizi kişi, 32 faizi isə qadındır.

Dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir. Rəsmi statistikaya görə, hazırda dünyada İİV-lə yaşayan 38,4 milyon insan var. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən həyatını itirib. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.