İQTİSADİYYAT
“DəmirBank” “MicroFinance Transparency” təşkilatının mükafatına layiq görülüb
Bakı, 6 dekabr, AZƏRTAC
“DəmirBank” fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsipləri sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə “MicroFinance Transparency” təşkilatı tərəfindən Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “MicroFinance Transparency” təşkilatı Azərbaycanda şəffaf qiymətqoyma təşəbbüsü (Transparent Pricing Initiative) layihəsi üzrə banklar və istehlakçılar arasında şəffaf əlaqələrin qurulmasını dəstəkləyir.
Təşkilat 2008-ci ildə ABŞ-da aztəminatlı mikro-sahibkarların rifahını yaxşılaşdırmaq və yoxsulluğun azaldılmasında mikro maliyyə şəffaflığını inkişaf etdirmək məqsədilə yaradılıb.
Azərbaycanda ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.