İQTİSADİYYAT
Dəmir yolunun Goran-Kürəkçay mənzilində 5 kilometrlik yol əsaslı təmir olunur
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Azərbaycan Dəmir Yollarının Goran-Kürəkçay mənzilində 5 kilometr yolun əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri 4 gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 514 kilometr dəmir yolu əsaslı təmir olunub.