DÜNYA
Demokrat Con Bel Edvards Luizianada qubernator seçkilərində yenidən qalib gəlib
Vaşinqton, 18 noyabr, AZƏRTAC
Demokrat Con Bel Edvards Luiziana ştatının qubernatorunun vəzifəsinə seçkilərin son turunda öz rəqibi respublikaçı Eddi Risponsu 2,5 faiz bəndi qədər geridə qoyaraq ikinci müddətə bu vəzifəyə seçilib.
AZƏRTAC xəbər verir ki, ştatın dövlət katibinin nümayəndələrinin məlumatına əsasən, Edvards Risponsdan 40.000 çox seçici səsi toplayıb: ştatın seçkilərdə iştirak edən seçicilərindən 774.469 nəfəri demokrat namizədə səs verib, respublikaçı namizəd isə səs verən seçicilərinin sayı isə yalnız 734.128 nəfər olub.
Edvards ölkənin mühafizəkar cənubunda yeganə demokrat qubernatordur. Əvvəllər Kentukki ştatının baş prokuroru olmuş demokrat Endi Bişar keçən ay ştatın qubernatoru seçkilərində respublikaçı Mett Bevini üstələyib. Beləliklə, hazırda 26 ştatda qubernator vəzifəsini respublikaçılar, 24 ştatda demokratlar tutur.
Seçkilərdə 53 yaşlı Edvardsı ştatın nüfuzlu dini liderləri, həmçinin həmkarlar ittifaqlarının başçıları və afroamerikan siyasətçilər dəstəkləyiblər.
Onun rəqibi - 70 yaşlı biznesmen Rispon ilk dəfə dövlət vəzifəsinə namizədliyini irəli sürmüşdü. Son 10 gün ərzində Prezident Donald Tramp Risponun seçkiqabağı kampaniyası çərçivəsində iki tədbirdə iştirak edib və şənbə günü öz Twitter səhifəsində Rispona dəstək olaraq bir neçə mesaj dərc etdi. Xatırladaq ki, 2016-cı il Prezident seçkiləri zamanı Tramp Luiziana ştatında rəqibindən 20 faiz bəndi qədər çox səs toplamışdı.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton