İQTİSADİYYAT
Dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış Dövlət Dəniz və Liman Agentliyində dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində səmərəli islahatlar aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, islahatların tərkib hissəsi kimi dənizçilərin əmək hüquqlarının qorunması, onların peşəkarlığının artırılması və əmək fəaliyyətinin fasiləsizliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən cari il dekabrın 1-dən başlayaraq sertifikatın (diplomun) təqdim edilməsi prosesi sadələşdirilir.
Belə ki, dənizçilər (komandir heyəti üzvləri) eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün bir sıra hallarda imtahandan azad olunurlar. Belə ki, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya əsasən vəzifə üzrə gəmidə müəyyən edilən üzmə stajına, vəzifə üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə bitirməsinə dair sertifikata, tələb edilən xüsusi hazırlıq sertifikatlarına malik olduqda və sağlamlıq vəziyyəti vəzifəni tutmağa imkan verdikdə imtahandan azaddırlar.
Qeyd edək ki, bu dəyişikliyə qədər etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün dənizçilərin təkmilləşdirmə kurslarını bitirdikdən sonra bilik və bacarıqları Agentlik tərəfindən imtahan vasitəsilə yoxlanılırdı.