Dennis Sammut: 2030-cu ilə qədər Cənubi Qafqazı minalardan azad olunmuş regiona çevirə bilərik
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
Mayın 25-də Ağdama səfər çərçivəsində gördüklərim məni dəhşətə gətirdi. Böyük həcmdə dağıntılar mənə çox pis təsir etdi. Hər bir dağılan evi gördükcə düşünürdüm ki, illər əvvəl bu ərazilərdə ailələr yaşayıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransın panel müzakirəsində çıxış edən iştirakçı “Links Europe” şirkətinin direktoru Dennis Sammut deyib.
“Biz Cənubi Qafqazda mina təmizlənməsi məsələsinə insani perspektivdən yanaşmalıyıq. Bu gün minalar insanların evlərinə qayıtmasına mane olur. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardım etməlidir, problemin ölçüsünü nəzərə alsaq deyə bilərik ki, bu gün verilən yardım okeanda bir damcı kimidir. Biz birgə işləməliyik, minatəmizləmənin humanitar sferasına fokuslanmalıyıq. Texniki dəstək verməliyik. Bu, insan hüquqları ilə bağlı məsələdir, bu ərazilərin sakinlərinin öz evlərinə qayıtmaq hüququ var. Biz dünyanı - beynəlxalq ictimaiyyəti Ağdama gətirməklə yanaşı, Ağdamda törədilənləri dünyaya çatdırmalıyıq”.
O diqqətə çatdırıb ki, ölkələr Ottava Konvensiyasına qoşulmalıdır: “Azərbaycanın yaxşı diplomatik əlaqələri var. Biz Azərbaycanın regional liderliyini nəzərə almalıyıq. Azərbaycan regionda minatəmizləmə sahəsində liderlik edə bilər, bu sahədəki təcrübəsini bölüşə bilər. İndi imkan yaranıb ki, Azərbaycan bu liderliyini göstərsin. Mən ilin sonunda Cənubi Qafqazda minaların təmizlənməsi ilə bağlı beynəlxalq konfrans keçirilməsini təklif edirəm. Biz bir sıra ölkələri bu səylərə cəlb etməli, ambisiyalı, innovativ yanaşma tətbiq etməliyik. Biz birgə işləyərək, 2030-cu ilə qədər Cənubi Qafqazı minalardan azad olunmuş bir regiona çevirə bilərik”.
Xəbərin mətnində orfoqrafik səhv var