SİYASƏT
Deputat: Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
Bakı, 7 aprel, AZƏRTAC
Adətən ölkəmizdə əlamətdar tarixi günlərdən, bayramlardan əvvəl Prezident İlham Əliyevin humanist siyasətini təsdiqləyən əfv sərəncamları imzalanır, müəyyən səbəblər üzündən cinayət törədərək, azadlıqdan məhrum olan insanlar azadlıqlarına qovuşardılar. Bu dəfə fərqli vaxtda – koronavirus pandemiyası kabusunun insanları təhdid etdiyi bir vaxtda dövlətimizin başçısı tərəfindən əfv Sərəncamı imzalandı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat qeyd edib ki, dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların, ailə üzvlərinin müraciətləri, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq imzalanan əfv Sərəncamı ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanist siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqi oldu.
P.Kərimzadə bildirib ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən belə bir çətin vaxtda azad edilməsi dövlətin humanizm prinsiplərinin, dəyərlərinin yüksək həddə olduğunun göstəricisinə çevrilib.
“Prezident İlham Əliyevin imzaladığı Sərəncam cinayət törətmiş şəxslərə qarşı humanist addım olmaqla yanaşı, dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən göstərdi. Koronavirus təhlükəsindən qorunmağa çalışan insanlar bu Sərəncamı ruh yüksəkliyi ilə qarşıladılar. Əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq üçün atılan addımın dövlətin humanist siyasətinin, vətəndaşa verilən diqqət və qayğının ardı-arası kəsilməyən nümunələrindən biri kimi qəbul edildi.