SİYASƏT
Deputat: Əsrarəngiz təbiətə malik Laçın yenə öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq
Bakı, 18 may, Səadət Hakıyeva, AZƏRTAC
Gələcək nəsillərə Azərbaycanın tarixində sevincli, Zəfər dolu günlərlə yanaşı, kədərli, bizi ağrıdan günlərin də olduğunu çatdırmalıyıq. Onlar bilməlidirlər ki, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik qazanmaq üçün hansı çətinliklərdən keçib və müstəqillik əldə etdikdən sonra hansı maneələrlə rastlaşıb. Tariximizdəki ağrılı günlərdən biri də 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi idi. Düşmən rayonun dinc sakinlərini amansızcasına qətlə yetirməklə məqsədinə nail olmuşdu. Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə belə atılmadan azad edildi. Əsrarəngiz təbiəti və əzəmətli dağları olan Laçın tezliklə yenidən öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Deputat diqqətə çatdırıb ki, 1992-ci ildə qanunsuz yolla hakimiyyətə gəlmiş AXC - Müsavat cütlüyünün yarıtmaz siyasəti, bacarıqsızlığı və qorxaqlığı nəticəsində ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olundu. Ovaxtkı hakimiyyətdəki özbaşınalıq, hərc-mərclik nəticəsində şəhər və kəndlərimiz bir birinin ardınca düşmənin əlinə keçirdi. Yüksək kürsüdə oturan hər kəsin öz silahlı dəstəsi var idi. Orduda hərc-mərclik, intizamsızlıq baş alıb gedirdi. Bu vəziyyətdən cana doyan xalq nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Məhz xalqın israrlı tələbi nəticəsində Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Ulu Öndər, ilk növbədə, bütün ordu birləşmələrini vahid komandanlıqda birləşdirdi və nizami ordu quruculuğuna başlanıldı. Bunun nəticəsi olaraq Füzuli istiqamətində uğurlu hərbi əməliyyat zamanı torpaqlarımızın bir qismi işğaldan azad edildi. Əvvəlki hakimiyyət tərəfindən ölkənin büdcəsi talandığından hərbi əməliyyatları davam etdirmək mümkün olmadı.
Professor qeyd edib ki, müharibə aparmaq üçün ölkənin iqtisadi gücü olmalı idi və Azərbaycan hələlik buna hazır deyildi. “Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Ermənistanla atəşkəs əldə olundu və bundan sonra ölkə iqtisadiyyatını sürətlə inkişaf etdirmək istiqamətində işlərə başlandı.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi ilk gündən güclü ordu yaradılması məsələsini qarşıya məqsəd qoymuşdu. Ölkəmizin başçısı hər çıxışında qeyd edirdi ki, güclü ordu yaratmaq üçün Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyatı olmalıdır. Uzun illər hərb sahəsinə göstərilən diqqət və qayğı, möhkəm maddi-texniki bazanın yaradılması, peşəkar kadrların sayının artırılması öz bəhrəsini verdi. Beləliklə, güclü iqtisadiyyatı olan Azərbaycan güclü ordu da yaratdı”, - deyə Kamilə Əliyeva vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı birləşmələrini darmadağın etdi. İşğal altındakı torpaqlarımızın bir hissəsi hərb yolu ilə, Ağdam, Kəlbəcər, Laçın rayonları isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində bir güllə atmadan, şəhid vermədən azad edildi. “Vaxtilə torpaqlarımızın 20 faizini düşmənə peşkəş edən və yaxud səriştəsizlikləri ucbatından əldən verən hakimiyyət nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında güclü siyasi xadim və qətiyyətli dövlət başçısının necə olduğunu görsünlər və ibrət götürsünlər”, - deyə K.Əliyeva vurğulayıb.