İQTİSADİYYAT
Deputat: Azərbaycan BMT-nin Minilliyin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi töhfə verən ölkələrdəndir
Bakı, 30 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparılır. Nəzərə alsaq ki, həm infrastrukturun formalaşması, məskunlaşma ilə bağlı dörd mərhələli yanaşmaya uyğun olaraq, həm də kommunal xidmətlərlə bağlı şəbəkələrin yaradılması, nəqliyyat-logistik xidmətlərin formalaşdırılması həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, çox qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəfər yolunun istifadəyə hazır olması, eyni zamanda, digər infrastruktur layihələri məskunlaşmanın gözlənildiyindən daha qısa müddətdə həyata keçirilə biləcəyindən xəbər verir. Təsdiq olunmuş plana əsasən, indiki mərhələdə 600 kilometrdən çox avtomobil yolları salınacaq, bir qismi bərpa olunacaq. Azad olunmuş torpaqlarda aparılan bərpa işləri onu deməyə əsas verir ki, Azərbaycan mövcud maliyyə imkanları, eləcə də iqtisadi resurslardan səmərəli və düzgün istifadə edərək indiki mərhələ üçün müəyyənləşmiş prioritet hədəflərin öhdəsindən uğurla gəlir. Bu, o deməkdir ki, Azərbaycan BMT-nin Minilliyin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi töhfə verən ölkələrdəndir. Son hesabat da ondan xəbər verir ki, Azərbaycan dayanıqlı iqtisadi inkişafın formalaşması, xüsusən də ölkəmizdə yoxsulluq, işsizlik səviyyəsinin azaldılması, təhsil, səhiyyə xidmətlərinə əlçatanlığın gücləndirilməsi kimi istiqamətlərdə xüsusi nailiyyətlər əldə edib. Azərbaycan müəyyənləşdirilmiş prioritetlərin reallaşmasında öndə olan ölkələrdəndir. Bütün bu işlər BMT-nin və digər qurumların hesabatlarında öz əksini tapıb.
“Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan üçün yeni bir mərhələ başladı. Buraya, azad olunmuş ərazilərimizin iqtisadi baxımdan Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının sürətlənməsi, ölkəmizin BMT və digər aparıcı beynəlxalq təşkilatların müəyyənləşdirdiyi prioritetlər üzrə nəinki regionda, bütövlükdə daha geniş coğrafiyada xüsusi uğurlar əldə etməsində özünü göstərir”, - deyə V.Bayramov diqqətə çatdırıb.