SİYASƏT
Deputat: Azərbaycan döyüş meydanında olduğu kimi, bütün siyasi arenalarda da Ermənistan üzərində qələbə əldə edib
Strasburq, 21 aprel, AZƏRTAC
Beynəlxalq hüququn prinsipləri var. Müharibə dövründə əsir və girov götürülmüş insanlar üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq qarşılıqlı şəkildə və “hamının-hamıya” prinsipi ilə mübadilə olunub. Azərbaycan 44 nəfəri, Ermənistan isə 14 nəfəri təhvil verib. Üçtərəfli Bəyanat imzalanandan sonra saxlanılanlar hərbi əsir hesab olunmur. Onlara “hərbi əsir” terminini tətbiq etmək olmaz. Bu, onların vəziyyəti ilə uyğun gəlmir.
Bu fikirləri Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AZƏRTAC-a müsahibəsində söyləyib.
Deputat bildirib ki, rəsmi məlumata əsasən onlar Şirak vilayətindən Ermənistanın hərbi xidmətə çağırdığı hərbçilərdir. Onlar Azərbaycan əsgərlərinə, mülki əhalisinə qarşı hərbi təxribatlar törətmək məqsədilə göndərilmiş təxribat dəstələridir. Onlar təxribatçılar, dəqiq desək terroristlərdir. Ermənistanın bu səyləri heç bir nəticə verməyəcək. Onlar müxtəlif demaqogiya xarakterli vasitələrdən istifadə edərək, bəzi məsələlər qaldırırlar.
Azərbaycan Prezidentinin açılışını etdiyi və böyük zəfərimizin ən əsas rəmzinə çevrilmiş, gələcəkdə gənclərimiz üçün tərbiyə örnəyi olacaq Hərbi Qənimətlər Parkımız erməniləri yandırır. Xüsusilə də, o Parkda nümayiş olunan qənimətləri gördükcə ermənilər yanıb yaxılır. AŞPA-da onların bu lüzumsuz çıxışları artıq istehza ilə qarşılanır. Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Burada AŞPA-da olan erməni deputatların yəqin ki, böyük əksəriyyəti parlamentdə olmayacaqlar. Ona görə bu erməni deputatlar bu qədər canfəşanlıq edərək, yararlı olduqlarını göstərməyə çalışırlar. Səs qazanmaq məqsədilə belə üsullara əl atırlar.
Azərbaycan nümayəndə heyətinin üzvləri qalib ölkənin nümayəndələri kimi çıxış edir və fikirlərini bildirirlər. Azərbaycan cəbhədə olduğu kimi, bütün siyasi arenalarda da Ermənistan üzərində qələbə əldə edib.
AŞPA-nın fəaliyyətdə olan Nazirlər Komitəsinin sədrinə yazılı suallar da ünvanlanıb. Sessiyadan əvvəl yazılı sual ünvanlanmalıdır. Mən də Nazirlər Komitəsinə yazılı sual ünvanlamışdım. Sualın cavabı ingilis və fransız dillərində Komitənin xüsusi buraxılışında dərc olunub.
“Nazirlər Komitəsi 47 üzv ölkədən olan deputatların qaldırdığı məsələlərin həllinə səlahiyyətləri çərçivəsində kömək göstərməyə çalışır. Lakin münaqişənin tənzimlənməsi ilə bağlı məsələlər bilavasitə Minsk qrupu ilə bağlıdır”, - deyə Komitə suala cavabda bildirib.