SİYASƏT
Deputat: Azərbaycanda müasir standartlara uyğun turizm infrastrukturu formalaşdırılıb
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanda regionların inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Bu istiqamətdə qəbul edilmiş Dövlət proqramları və görülmüş əlavə tədbirlər uğurlu nəticələr əldə etməyə imkan verir. Prezident İlham Əliyevin regionlara ardıcıl səfərləri bir daha hər bir rayonun inkişafının məhz dövlətimizin başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir. Nəticə etibarilə sosial infrastrukturun keyfiyyəti ilbəil yüksəlir, sahibkarlıq mühiti daha da yaxşılaşır, əhalinin məşğulluğu artır, yeni iş yerləri yaradılır. Turizmin inkişafı isə regionların sosial-iqtisadi tərəqqisinin tərkib hissəsidir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb, milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəlib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat bildirib ki, hazırda ölkəmizdə müasir standartlara uyğun turizm infrastrukturu və turizm xidmətləri formalaşdırılıb. Azərbaycan həm təbiəti, həm də zəngin mədəni tarixi və müasir infrastrukturu ilə hər zaman turistlər üçün cəlbedici məkan olub. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər də turist axınını gücləndirir. Mövcud turizm potensialından istifadə imkanları genişləndirilir, regionlarda turizm fəaliyyəti daha da stimullaşdırılır, yeni turizm marşrutları yaradılır.
Yeni istifadəyə verilən istirahət komplekslərinin bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan K.Nurullayeva deyib: “Nəzərə alsaq ki, Şabran rayonu da turizm marşrutları üzrə mühüm istiqamətlərdən biri olmaq potensialına malikdir, bu mənada, rayon ərazisində infrastrukturun formalaşdırılması əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yeni kompleksin istifadəyə verilməsi bölgədə turizm infrastrukturunun və xidmət səviyyəsinin yaxşılaşdırılmasına təkan olacaq. Təsadüfi deyil ki, bu gün vacib sahələrdən biri olan sağlamlıq turizminin inkişafı üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib”.
Deputat əlavə edib ki, bu gün, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin zəngin turizm potensialını canlandırmaq məqsədilə proqramlar hazırlanır, layihələr həyata keçirilir. Yeni brendlərin, o cümlədən yeni turizm növlərinin yaradılması da əsas hədəflərdən biridir.