SİYASƏT
Deputat: Azərbaycanla Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeləri üst-üstə düşür
Bakı, 24 iyul, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar faydalı müzakirələr aparıldı. Şarl Mişelin səfər zamanı “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi, statusla bağlı danışmaması erməniləri məyus edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
Prezidentin müvafiq Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını deyən komitə sədrinin müavini bildirib ki, həmin rayonlar ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Dövlətimizin başçısının dediyi kimi, artıq “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və Qarabağ bölgəsində ermənilərə hansısa status verilməsindən söhbət gedə bilməz. Prezident İlham Əliyev bu məsələni yenidən gündəmə gətirmək istəyən dairələrə bir daha xəbərdarlıq etdi. Artıq bu mövzu bağlanıb. Xaricdəki müəyyən dairələrin Qarabağda yaşayan 25 min erməni üçün status istəməsi qəbuledilməzdir və kim istəyirsə, gedib öz dövlətinin ərazisində ermənilərə status versin.
“Əsas məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Dövlətimizin başçısı bir daha bu məsələ ilə əlaqədar prinsipial mövqeyini ifadə edib. Məsələ ondadır ki Azərbaycanla Rusiyanın, Zəngəzur dəhlizi ilə bağlı mövqeləri üst-üstə düşür. Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinlə müzakirələr aparılıb və tərəflər regionda kommunikasiyaların açılmasına dəstək ifadə ediblər. Azərbaycan Prezidenti İlham Əliyev “3+3” platforması ilə çıxış edib. Yəni 6 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə əməkdaşlığı regionun iqtisadi tərəqqisində çox mühüm rol oynaya bilər. Burada Zəngəzur dəhlizi isə müstəsna əhəmiyyət kəsb edir. Bu dəhlizin açılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”, - deyə S.Fətəliyeva vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün regional əməkdaşlığa böyük önəm verir. “Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Belə olan halda, Ermənistanın bu layihənin reallaşmasına əngəl olmaq cəhdləri heç bir nəticə verməyəcək. Zəngəzur tarixi Azərbaycan torpağıdır və biz bu torpağa mütləq qayıdacağıq”, - deyə S.Fətəliyeva qeyd edib.