REGİONLAR
Deputat Çingiz Qənizadə: Göyçay dünyada narın Vətəni kimi tanınır
Göyçay, 4 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Həm yerli əhalinin, həm də Göyçaya gələn qonaqların böyük marağına səbəb olan Nar festivalı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlayır. Bu bayram həm də Azərbaycanın dünyada təbliği işində böyük əhəmiyyət daşıyır. Hər il bölgələrdə bu cür məhsul bayramlarının keçirilməsi vacib məsələdir. İnsanlar festivala gələrək məhsullarla tanış olur, onların dadına baxaraq keyfiyyətini qiymətləndirir, gözəl gün keçirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
O qeyd edib ki, bu bayram tədbirində xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, xarici turistlərin Göyçaya səfəri Nar festivalının respublikamızdan kənarda tanındığını göstərir. Yerli və xarici medianın işıqlandırdığı Nar festivalı vasitəsilə Göyçay rayonu ildən-ilə daha çox turistin marağını cəlb edir, dünyada narın vətəni kimi tanınır.
“Ermənilər həmişə Azərbaycan xalqına məxsus olan maddi-mədəniyyət nümunələrindən, eləcə də nardan təbliğat vasitəsi kimi istifadə edərək ölkələrini bu yolla tanıtmağa çalışırlar. İndi də bizim gözəl nemətlərimizi, o cümlədən narı mənimsəməyə cəhd edirlər. Tarixi mənbələr sübut edir ki, hələ XV-XVI əsrlərdə tacirlər Göyçay ərazisində yetişdirilən narı alaraq, digər ölkələrdə satırlarmış. Xalqımızın qədim narçılıq ənənələri mövcuddur və bunu təbliğ etməyə, min bir dərdin dərmanı olan narı dünyada Azərbaycan meyvəsi kimi tanıtmağa mənəvi haqqımız var. Bu gün Nar festivalında iştirak edən xarici qonaqlar da əmin oldular ki, narın Vətəni Azərbaycandır və ən dadlı nar bizim ölkədə yetişir”.