İQTİSADİYYAT
Deputat: Cəbrayılda Sənaye Parkının yaradılması regionun sənaye potensialının inkişafına imkan verəcək
Bakı, 5 oktyabr, AZƏRTAC
Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonunda yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin olunmasına xüsusi töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, kifayət qədər böyük iqtisadi imkanları olan Şərqi Zəngəzur iqtisadi rayonunun 27 ildən çox işğal altında qalması səbəbindən potensialından istifadə edilməyib. İşğaldan azad olunmamışdan əvvəlki ildə sözügedən iqtisadi rayonda 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələr hesabına baş verib. Şərqi Zəngəzurun ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi cəmi 0,1 faiz olub. Bu, o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə edilməyib. Göründüyü kimi, 27 ildən çox müddətdə həmin ərazilərimizin böyük iqtisadi potensialı Ermənistan işğalı nəticəsində məhv edilib.
“Cəbrayıl rayonunda Sənaye Parkının yaradılması regionun sənaye potensialının reallaşmasına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonu təbii ehtiyatlarının həcmi baxımından seçilən rayonlarımızdandır. Bu sənaye məhsullarının istehsalı üçün yeni imkanlar yaradır. Digər tərəfdən, Şərqi Zəngəzur iqtisadi rayonunda çox yaxın gələcəkdə regional nəqliyyat və logistik şəbəkə formalaşacaq. Zəngəzur dəhlizinə inteqrasiya və Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası kontekstində logistik imkanlar daha da güclənəcək. Bu isə yeni tranzit və ixrac potensialı deməkdir”, - deyə V.Bayramov qeyd edib.
O bildirib ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması fonunda daha səmərəli fəaliyyət göstərə biləcək. Sənaye Parkında həm emal, həm də təkrar emal müəssisələrinin yaradılacağı gözlənilir. Sənədə əsasən, qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi prioritet olacaq. Bütövlükdə, Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonunda yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin olunmasına xüsusi töhfə verəcək. Bu isə regionun qeyri-neft ixrac imkanlarının formalaşacağından xəbər verir.