SİYASƏT
Deputat: Milli birliyimiz və həmrəylimiz bizi çoxdan gözlədiyimiz zəfərə çatdırdı
Bakı, 12 noyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi çox böyük qələbə. Üstəlik, illərdir gözlədiyimiz, həsrətində olduğumuz qələbə. Həmin qələbəni bizlərə yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana, şanlı Ordumuza eşq olsun.
Vətən müharibəsinin getdiyi dövrdə ölkədə heç kimin gözünə yuxu getmədi, hamı xoş xəbərlər gözlədi. Hamı Müzəffər Ali Baş Komandandan xoş müjdə almaq arzusu və ümidi ilə sabahlarını açdı, hamı müharibədən danışdı. Hər bizimizin diqqəti Qarabağa, cəbhəyə yönəldi, hamı bütün qəlbi və əzmi ilə milli birlik nümayiş etdirdi. Biz bununla qələbənin şirinliyini daddıq. Milli birliyimiz və həmrəylimiz bizi çoxdan gözlədiyimiz zəfərə çatdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirib.
Deputat vurğulayıb ki, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən çox kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bu, böyük Qələbədir.
E.Musayevin sözlərinə görə, Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyanata imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir.
Otuz ildən artıqdır işğal altına olan torpaqlarımızın azadlığa qovuşduğunu dilə gətirən deputat bildirib: “Doğma Şuşa artıq bizdədir. Biz artıq Kəlbəcərin, Laçının dağlarını, meşələrini xatirələrimizdə deyil, canlı olaraq gəzəcəyik. Biz Zəngilanın, Füzulinin, Cəbrayılın, Qubadlının bərəkətli torpaqlarına ayaq basacağıq. Dəyərli soydaşlarımız öz vətənlərinə, doğma ata-baba ocaqlarına geri qayıdacaqlar. Bundan gözəl xəbər, hadisə, xoşbəxtlik ola bilərmi?”.
Elşən Musayev qeyd edib ki, 44 gün ərzində əsgərlərimiz, igidlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Vətənin oğulları canlarını fəda edərək şanlı tarix yazdılar. Onlar ölümü gözə alaraq övladlarımızın, gələcək nəsillərin xoşbəxtliyi üçün qəhrəmanlıq salnaməsi yazdılar. Şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyirik.