İQTİSADİYYAT


Deputat: Münaqişənin həlli regiona daha çox sərmayənin cəlbinə imkan yaradacaq

Bakı, 10 noyabr, Samirə Quliyeva, AZƏRTAC

Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağ ilə bağlı hər hansı statusunun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək. Artıq erməni silahları qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı, qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur. Digər tərəfdən bölgəyə azsaylı Rusiya sülhməramlılarının gəlişi şimal qonşumuzun ölkəmizdə hərbi baza yaratması anlamına gəlməməlidir. Eyni zamanda, bölgədə qardaş Türkiyə sülhməramlıları da olacaq. Bu isə o deməkdir ki, Qarabağda Türkiyə də sülhün qarantı olacaq.

“Azərbaycan artıq yeni quruluculuq mərhələsinə qədəm qoyur. İşğaldan azad olunmuş yeddi rayonun bərpa edilməsi və məcburi köçkünlərimizin Dağlıq Qarabağ daxil olmaqla öz ata-baba evlərinə dönməsi 30 ilə yaxın işğal altında qalan ərazilərimizə həyatın yenidən qayıtması deməkdir. Bu ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımdan da vacibdir. Eyni zamanda, münaqişənin həll edilməsi regiona daha çox sərmayələrin cəlb edilməsinə də imkan yaradacaq”, - deyə deputat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.