ELM VƏ TƏHSİL
Deputat: Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı
Bakı, 11 noyabr, AZƏRTAC
Prezident İlham Əliyev Səmərqənddə keçirdiyi ikitərəfli görüşlər və Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı. Dövlətimizin başçısının çıxışı üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yeni səviyyəyə yüksəldiyini bilmək və qarşıda dayanan hədəfləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Birincisi, çıxışda Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması vurğulandı. İkincisi, bir daha elan edildi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu yol 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayıb. Dövlət rəhbəri böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malik olan 200 milyonluq türk dünyasının problemlərini və onların həlli üçün səylərin birləşdirilməsinin, əməkdaşlığı genişləndirməyin vacibliyini söylədi. Bildirdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı söyləyib.
Deputatın sözlərinə görə, Prezident çıxışında Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin və milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını bildirdi: “Gənc nəslin yaşadıqları ölkələrdə öz ana dilində təhsil almaq imkanının yaradılmasını gündəliyə gətirdi. Prezident İlham Əliyev Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olduğunu beynəlxalq təşkilatın kürsüsündən səsləndirərək daim gündəlikdə saxlanılmasını və bu istiqamətdə lazımi addımlar atılmasının vacibliyini bildirdi. Bəyan etdi ki, Azərbaycan dövləti acı taleyin hökmü ilə ondan ayrı düşmüş soydaşlarımızın dili, ənənələri və mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətəni ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam etdirəcəkdir. Üçüncüsü, Qarabağın və Şərqi Zəngəzurun təcavüzkar Ermənistanın işğalından azad olunması üzərində dayanan Prezident bununla Azərbaycanın tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini söylədi”.
Professor Musa Qasımlı qeyd edib ki, dövlətimizin başçısı çıxışında işğalın ağır nəticələrini, xüsusən məscidlərin dağıdılmasını söyləməklə, islamofobiyanın və türkofobiyanın Ermənistanın rəsmi ideologiyasının əsasını təşkil etdiyini beynəlxalq təşkilatın kürsüsündən elan etməklə İrəvana sarsıdıcı zərbə vurdu, mina terrorunu ifşa etdi: “Dördüncüsü, Azərbaycan Prezidentinin çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yönəldildi. Bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi fəaliyyəti vurğulandı. Prezident digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Gördükləri işlərə görə Özbəkistan və Qazaxıstan prezidentlərinə təşəkkürünü bildirdi. Beşincisi, dövlət rəhbəri İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlar üzərində dayanaraq İrəvanın iyrənc təbliğatını darmadağın etdi. Bildirdi ki, Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıblar və Qarabağ münaqişəsi tarixdə qalıb.
Ümumilikdə, Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi. Ən başlıcası, xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəfləri kimi göstərərək böyük bir tarix yaratdı. Hədəf düzgün və aydındır. Müqəddəs bir yolun başlanğıcındayıq. Bu yolun da uğurla başa çatacağına inanırıq”.