SİYASƏT


Deputat: Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi

Bakı, 14 noyabr, AZƏRTAC

Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu müddət ərzində mövcud status-kvonu saxlamaq üçün çoxsaylı təxribatlara əl atdı. Azğınlaşmış düşmənin sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat isə onun sonu oldu. Düşmənin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı və noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Otuz ildir işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları “məğlubedilməzlik” mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.

Deputat vurğulayıb ki, bu müddət ərzində Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Vətən müharibəsində Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildiyini deyən deputatın sözlərinə görə, düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.

Vüqar İskəndərov vurğulayıb ki, noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə Zəfər həftəsi kimi həkk olundu. Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Belə ki, Şah İsmayıl və Nadir şahdan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Buna görə də Azərbaycan xalqının bu uğurları uzun illər, əsrlər boyu unudulmayacaq, gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Yaşasın Azərbaycan! Var olsun dövlətimiz!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.