HEYDƏR ƏLİYEV - 100
Dərbənddə Heydər Əliyev Mərkəzi açılıb



Moskva, 31 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının nəzdində Heydər Əliyev Mərkəzi açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstan Respublikası administrasiyasının rəhbərinin rəsmi “Telegram” kanalında məlumat verilib.
Heydər Əliyev Mərkəzinin təntənəli açılış mərasimində Dağıstan Respublikasının başçısı Sergey Məlikov, Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.
Mərkəzdə eksklüziv fotoşəkillər və kitablar var. Bununla yanaşı, burada asudə vaxtın keçirilməsi, habelə təhsil üzrə tədbirlərin təşkili nəzərdə tutulur. Mərkəzdə, həmçinin Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinə xüsusi diqqət yetiriləcək.
Sergey Məlikov ekspozisiyaya baxdıqdan sonra Heydər Əliyev Mərkəzinin Fəxri qonaqlar kitabında ilk ürək sözlərini yazıb: “Bu əlamətdar gün Dağıstan və Azərbaycan arasında uzunmüddətli və sarsılmaz dostluğa aparan yolun təcəssümdür”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva