SİYASƏT
Dərnək rəhbəri: Şuşada “andiçmə” mərasiminin təşkili münaqişənin həlli istiqamətində atılan addımlara ziddir
İstanbul, 21 may, AZƏRTAC
Bütün dünya yeni növ koronavirus pandemiyası ilə mübarizə apararkən bunu fürsətə çevirən işğalçı Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” mərasimi ilə daha bir beynəlxalq qalmaqala səbəb olmaq niyyətindədir. Lakin, bütün dünya bunu bilir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və bu, belə də qalacaq. Bu haqsızlıq qarşısında hələ də səssiz qalan beynəlxalq təşkilatları isə şiddətlə qınayırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.
O deyib: “Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın Qarabağın incisi, türk mədəniyyətinin beşiyi olan Şuşada “andiçmə” mərasimi təşkil etməsi beynəlxalq hüquqa, eləcə də münaqişənin sülh yolu ilə həll olunması istiqamətində indiyədək atılan bütün addımlara ziddir. Hər dəfə qondarma soyqırımı iddialarını əsas gətirən ermənilər dünyaya özlərini məzlum xalq kimi göstərməyə çalışırlar. Lakin, onlar tərəfindən atılan hər belə addım və Azərbaycan torpaqlarının hələ də azad edilməməsi bunun əksini sübut edir. İşğalçı Ermənistan hələ də Azərbaycan torpaqlarından çəkilmək niyyətində olmadığını göstərməyə davam edir. Bununla ermənilər növbəti dəfə bölgədə rifahın və sabitliyin bərqərar olmasına qarşı çıxdıqlarını sübut edirlər”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul