CƏMİYYƏT
“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində məktəblilər arasında intellektual yarışın final mərhələsi keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində məktəblilər arasında intellektual yarışın final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, finalda ölkənin 9 müxtəlif regionunda keçirilən yarışlarda qalib gəlmiş komandalar iştirak edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev yarış iştirakçılarına uğurlar arzulayıblar.
Final görüşündə Bakının "Sahil" komandası qalib olub. Lənkəranın "Zəka" komandası 2-ci, Zaqatalanın "Qələbə" komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər pul mükafatı, diplom və hədiyyələrlə mükafatlandırılıb. Finalda iştirak etmiş digər bölgələrin komandalarına isə sertifikat və hədiyyələr təqdim olunub.