REGİONLAR
Dəyirmi masada Ulu Öndərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunub
Şəki, 12 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət yetirib, onun inkişafında bilavasitə xidmətləri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir aprelin 12-də Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İ.Nakam adına Mərkəzi Kitabxanasında keçirilən “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamısıdır” mövzusunda dəyirmi masada səsləndirilib.
Tədbirdə Şəki MKS-nin direktoru Seyid Vahabov, “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimov və başqaları çıxış edərək, Ulu Öndərin şərəfli həyat yolundan, xalqımız qarşısında misilsiz xidmətlərindən, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən ətraflı bəhs ediblər.
Vurğulanıb ki, Ulu Öndərin mədəniyyət sahəsindəki siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edənlər dövlətimizin başçısının rəhbərliyi ilə son vaxtlar ölkədə aparılan innovativ islahatların, xüsusilə mədəniyyət sahəsinin tərəqqisinə, mədəniyyət işçilərinin sosial həyat şəraitinin yüksəldilməsinə yönəldilən sərəncamların, qəbul edilən qərarların əhəmiyyətini yüksək qiymətləndiriblər. Mədəniyyət işçiləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” filmi nümayiş etdirilib.