REGİONLAR
Dəyişkən hava şəraiti Astarada naringi və kinkan ağaclarını qurudub VİDEO
Astara, 8 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Astara rayonunda dəyişkən hava şəraiti sitrus bağlarında ağacların kütləvi şəkildə qurumasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bağlarda ağacların quruması may ayından müşahidə olunur. Rayonun Kijəbə ərazi nümayəndəliyinə daxil olan kəndlərdə ağaclarda əvvəlcə yarpaqlar, sonra üzərindəki meyvələr quruyaraq yerə tökülür, bir müddət sonra ağaclar quruyaraq yanır.
Təsərrüfatçılar bunun səbəbini bir neçə amillə əlaqələndirirlər. Onlar deyir ki, ağac çiçək açan vaxt, yəni tozlanma dövründə havaların əlverişsiz keçməsi, əvvəlcə yağışın yağması, ardınca isə temperaturun qısa bir müddətdə yüksəlməsi bunun baş verməsinə gətirib çıxarıb.
Təsərrüfatçı Maqsud Qəmbərov deyib: Ağacların quruması əsasən budaqlardan başlayır. Bu, gövdəyə kimi davam edir və sonda ağac tamamilə quruyub tələf olur”.
Digər Təsərrüfatçı Sadiq Büzürov isə bu problemi havaların dəyişkən keçməsi ilə əlaqələndirir: “Buna səbəb havaların anomal keçməsidir.
Təsərrüfatlarda əsasən naringi, kinkan ağacları zərər görüb - xüsusi ilə naringinin tezyetişən karli sortu. Kənd sakinləri çiçəklənmə dövründə meyvə ağaclarının kütləvi şəkildə qurumasına görə narahatdırlar.
Təsərrüfat sahibləri bu illər ərzində vaxtında dərmanlama, gübrələmə, budama, aqrotexniki qulluq görən ağacların sürətlə qurumasına rast gəlməyiblər.
Sözügedən məsələ ilə bağlı Kijəbə ərazi nümayəndəliyinin bələdiyyə sədri Ağadadaş Qəmbərov bu barədə aidiyyəti qurumlara məlumat verdiklərini deyib: “Son beş gündə meyvələrin 30 faizi ağacdan yerə tökülüb. Sitrus bağlarında ağaclar tamamilə quruyub. Bu da cari ildə keyfiyyətli məhsulun olmayacağını deməyə əsas verir. Bununla bağlı aidiyyəti qurumlar xəbərdar olunub”.