CƏMİYYƏT
Diaqnostika Mərkəzində keçirilən təlim kursu qadınlarda çanaq nahiyəsi problemlərinə həsr olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzində Aralıq Dənizi İnkontinesiya və Çanaq Dibi Cəmiyyəti və Histeroskopiya və Minimal invaziv Cərrahiyyə Akademiyası ilə birgə təşkil olunan təlim “Qadınlarda çanaq dibi disfunksiyasının patogenezi və müalicəsi” üzrə təlim kursu keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əcnəbi professor və sahə üzrə ixtisaslaşmış uroloqların iştirakı ilə qadınlarda geniş yayılan çanaq nahiyəsi problemlərinə həsr olunan kursun ilk günü bir sıra mühüm mövzular müzakirə edilib. Təlimin ikinci günü isə praktiki məşğələlərlə davam edib və iştirakçılara əməliyyat yolu ilə aparılan cərrahi müdaxilələr nümayiş olunub.
Aralıq Dənizi İnkontinesiya və Çanaq Dibi Cəmiyyətinin prezidenti Diaa Rizk, İspaniyadan olan uroloq Karlos Errando, fransalı professor Emmanuel Delorme və Gürcüstandan olan klinika rəhbəri Tengiz Asatiani öz bilik və bacarıqlarını təlimdə iştirak edənlərlə bölüşüblər.