SİYASƏT
Diaspor fəalı: Milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlərdir
Kiyev, 29 dekabr, AZƏRTAC
Azərbaycanın hər bir uğuru bütün həmvətənlərimizin qəlbində böyük qürur və iftixar hissi doğurur. Bu gün Ukraynada yaşayan soydaşlarımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Bu fikri AZƏRTAC-a açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət təşkilatının sədri Yunus Əliyev deyib. O qeyd edib ki, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesinə öz təsirini göstərib. “İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər”, - deyə Y.Əliyev qeyd edib.
Yunus Əliyev bildirib ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlərdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev