SİYASƏT


Dilarə Cəbrayılova: Azərbaycan mötəbər beynəlxalq yarışları və digər tədbirləri həmişə yüksək səviyyədə təşkil edib

Bakı, 13 may, AZƏRTAC 

UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə əlaqədar Böyük Britaniya Xarici İşlər Nazirliyinin bu ölkə vətəndaşlarına terror təhlükəsinin olması, iaşə obyektlərinin yanında qarət hallarının baş verə bilməsi barədə yaydığı xəbərdarlıq həqiqəti əks etdirmir.

Bu sözləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova AZƏRTAC-a açıqlamasında deyib.

Bu bəyanatın Britaniya-Azərbaycan münasibətlərinin ruhuna yaraşmadığını vurğulayan D.Cəbrayılova bildirib: “Ümumiyyətlə, rəsmi bir orqan hansısa məlumat yayırsa, mütləq bunun əsasları olmalıdır. Bu gün Azərbaycan dünyada ən sabit ölkələrdən biridir. Azərbaycanda təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. İndiyədək ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər zamanı heç bir ciddi neqativ hadisə baş verməyib. Hesab edirəm ki, həqiqətə uyğun olmayan bu cür məlumatları yayan anti-Azərbaycan qüvvələrin məqsədi ölkəmizin nüfuzuna kölgə salmaq, Azərbaycanın imicinə zərbə vurmaqdır. Bu qarayaxma kampaniyası zamanı ölkəmizlə bağlı səslənən cəfəng fikirlərin heç bir əsası yoxdur”.

Azərbaycanda beynəlxalq yarışların və digər mötəbər tədbirlərin ən yüksək səviyyədə keçirildiyini vurğulayan deputat qeyd edib: “Ölkəmizdə Birinci Avropa, IV İslam Həmrəyliyi oyunları, Formula 1, idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlar və digər tədbirlər uğurla təşkil olunub. Adətən Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi ərəfədə respublikamızda guya müxtəlif problemlərin olması barədə qarayaxma kampaniyası aparılır. UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ərəfəsində bu çirkin kampaniyanın təşkili təsadüfi deyil. Hesab edirəm ki, ölkəmizlə bağlı əsassız xəbərlərin yayılmasına çalışan məkrli qüvvələrin cəhdlərinə baxmayaraq, UEFA Avropa Liqasının final oyunu Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün zəngin təcrübə var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.