ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunun əməkdaşları Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir.

Bunu AZƏRTAC-a AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Akademik deyib ki, böyük əhəmiyyət kəsb edən bu dövlət sənədi, eyni zamanda, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında açıq-aşkar özünü göstərən ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi məhz bu funksiyanı yerinə yetirəcək və bu qurum publik hüquqi şəxs kimi bir tərəfdən dilimizin saflığı ilə bağlı mövcud olan boşluq və nöqsanları aradan qaldıracaq, digər tərəfdən isə dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcək.

O, Nəsimi adına Dilçilik İnstitutunda artıq bir neçə ildir ki, həm monitorinq şöbəsinin, həm də “Qaynar xətt”in fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, monitorinq şöbəsinin əməkdaşları vaxtaşırı olaraq ədəbi dilin saflığının qorunması və onun normalarının gözlənilməsi istiqamətində maarifləndirmə işləri aparıb, konfranslar keçirib və bütün bunlar müəyyən qədər öz səmərəsini verib. “Bununla belə, düşünürük ki, sözügedən şöbənin istər səlahiyyətlərinin məhdudluğu, istərsə də əməkdaşlarının sayca azlığı bu dövlət əhəmiyyətli işin yüksək səviyyədə həllində yetərli olmayıb. Bu baxımdan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında yol verilən ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması məsələsinə müsbət təsir göstərəcək və qısa bir zamanda bu sahədə ciddi irəliləyişlər və müsbət nəticələr əldə ediləcək”, - deyə alim bildirib.

M.Nağısoylu vurğulayıb ki, ölkəmizdə dilçilik üzrə fundamental elmi araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları dövlətimizin başçısının bu Fərmanını alqışlayır və ilk növbədə, yeni yaradılacaq Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır. İstər Dilçilik İnstitutunun əməkdaşlarının, istərsə də ölkəmizin digər tanınmış dilçi alimlərinin yeni yaradılacaq qurumla birgə əməkdaşlığına böyük ehtiyac vardır. Bu istiqamətdə mütəxəssislərin səylərinin birləşdirilməsi, birgə fəaliyyəti məqsədəuyğundur və ədəbi dilimizin saflığı ilə bağlı mövcud nöqsanların aradan qaldırılması məsələsində olduqca əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.