REGİONLAR
Dini dəyərlər mənəvi dəyərlərimizin tərkib hissəsidir
Lənkəran, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz milli-mənəvi sərvətimizdir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi, Bəlləbur kənd məscidi dini icmasının sədri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu vurğulayaraq, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən danışıb.
DQİDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədova çıxışında dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Dövlətin dinə qayğısından danışan N.Məmmədova ölkəmizdə tarixən tolerant və multikultural dəyərlərin mövcud olduğunu bildirib.
Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və başqaları layihə ilə bağlı təkliflərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.