ELM VƏ TƏHSİL
Dini həmrəylik fikir müxtəlifliyinə obyektiv münasibət bəsləmək prinsipini əsas tutur
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Azərbaycan Dillər Universitetində (ADU) “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Azərbaycan Respublikası Konstitusiyasının ölkəmizdəki müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlığının və bərabərliyinin qarantı olduğunu deyib. Vurğulanıb ki, bu gün din siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır. Dinlərarası münasibətlərin tənzimlənməsi müasir dövrün ən başlıca problemlərindəndir. Dini həmrəylik insanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, məzhəblər arasında ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, fikir müxtəlifliyini təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərini əsas tutur. Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı bu sahədə ən humanist və sülhsevər bir təşəbbüsdür.
Professor Əli Məmmədov və digər çıxış edənlər Hindistan, Almaniya, Fransa, Argentina, ABŞ, Norveç, İsrail, İndoneziya, Yaponiya və Çində mövcud dini həmrəylik haqqında danışıblar. Bildirilib ki, İslam insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsızlara qarşı mərhəmət nümayiş etdirməyə səsləyir.