ELM VƏ TƏHSİL
Direktorların işə qəbulu üzrə test imtahanları texniki nasazlıqla əlaqədar təxirə salınıb
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-sı saat 16:00-da keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb. İmtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar martın 7-də keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi də təxirə salınıb. Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib.
İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq.