REGİONLAR
Doğum günündə cəbhəyə yollanan şəhid Amil Səfərlinin xatirəsi yad edilib VİDEO
İmişli, 1 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Amil Səfərlinin doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının nümayəndələri, şəhidin dostları və yaxınları, kənd sakinləri, məktəblilər iştirak edib. Şəhid Amilin Çahar kənd qəbiristanlığında məzarı ziyarət olunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra məktəblilərin ifasında Vətənə və şəhidlərə həsr edilən şeirlər səsləndirilib. Çıxış edənlər Amilin həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətənə və bayrağa olan sevgisindən söhbət açıb. Bildirilib ki, Səfərli Amil Nizami oğlu 1994-cü il sentyabrın 29-da İmişli rayonu Çahar kəndində dünyaya göz açıb. Hələ uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilib. Vətəninə və bayrağına daim sevgi bəsləyən Amilin ən böyük arzusu torpaqlarımızı azad görmək olub. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan Amil nizam-intizamı ilə seçilib. Hərbi xidməti bitirdikdən sonra mülki işdə çalışan Amil ətrafında olanların da sevgisini qazanıb. Müharibə başlayan gündən cəbhəyə can atan Amilin Vətənin harayına yollanması isə onun doğum gününə təsadüf edib. Sentyabrın 29-da çağırış vərəqəsi gələn vaxt Amil bir an belə tərəddüd etmədən cəbhəyə yola düşüb. Amilin ilk döyüş yolu Füzuli istiqamətindən başlayıb. Daha sonra Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə Amil şücaəti ilə seçilib. Atəş xəttindən dəfələrlə yaralı silahdaşlarını xilas edib. Həmçinin açdığı dəqiq atəşlərlə düşmənə sarsıdıcı zərbələr vurub. Amil Qubadlı istiqamətində gedən gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Səfərli Amil Nizami oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.