İQTİSADİYYAT
Doqquz ayda rezidentlər tərəfindən 50067,3 milyon manatlıq ÜDM istehsal edilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 50067,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,5 faiz artıb, onun ÜDM-də payı 62,6 faiz olub. Neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz azalıb. ÜDM istehsalının 40,2 faizi sənayedə, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,7 faizi tikintidə, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 16,3 faizi digər sahələrdə istehsal olunub, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5149,4 manata bərabər olub.