MƏDƏNİYYƏT
Dövlət Arxivinin Lənkəran filialına məktəblilərin növbəti ekskursiyası təşkil olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Lənkəran filialının 2021- ci ilin iş planına uyğun olaraq filialın və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb- liseyin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunub.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, adıçəkilən məktəb-liseyin direktoru Yeganə Əsgərova və direktor müavini İlqar İsmayılovun rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada Dövlət Arxivinin Lənkəran filialının direktoru Rəfail Rzayev şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat verib.
Sonra filialın arxivçisi Afaq Hüseynova şagirdləri arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış edib, onları maraqlandıran sualları cavablandırıb.