REGİONLAR
Dövlət Baytarlıq Xidməti: Bərdədə epizootik tədbirlər başa çatıb
Bakı, 25 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər 91 min baş iribuynuzlu heyvanı, 140 min baş xırdabuynuzlu heyvanı, 500 min başdan yuxarı quş və digər heyvanları əhatə edir.
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində heyvanların saxlandığı tikililərdə, binaətrafı ərazilər və həftəlik diri heyvan satışı bazarında mütəmadi dezinfeksiya işləri görülür. Qışlama və növbəti ilə hazırlıqla əlaqədar rayon ərazisində fəaliyyət göstərən 2130 baş heyvan saxlanılan "RVR-LTD" MMC, 1100 baş heyvan saxlanılan "Şəhriyar" fermer, 750 baş heyvan saxlanılan "SANİ" kəndli fermer və 480 baş cins heyvan saxlanılan "NÜSR-ƏT Aqro" MMC-də epizootik tədbirlərlə yanaşı, həmin təsərrüfatlarda 6500 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb.
Cari ilin müvafiq dövründə Bərdə rayonunda 139711 kvadratmetr profilaktiki və 22958 kvadratmetr məcburi dezinfeksiya, eləcə də 34318 kvadratmetr ərazidə dezinseksiya işləri icra edilib.
Dezinfeksiya və dezinseksiya işlərinin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulub.
Heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr də icra edilib.
Bərdə Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən cari ilin müvafiq dövründə 101690 baş iribuynuzlu, 143990 baş xırdabuynuzlu, 6683 baş cavan iribuynuzlu, 1407 baş təkdırnaqlı heyvanda qarayara, 161074 baş iribuynuzlu heyvanda, 94344 baş xırdabuynuzlu heyvanda dabaq, 10642 baş iribuynuzlu, 5003 baş xırdabuynuzlu heyvanda leptospiroz, 92153 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 28608 baş xırdabuynuzlu heyvanda ("Rev-1"vaksini) bruselyoz, 7997 baş itdə quduzluq, 591338 baş ev quşunda nyukasl xəstəliyinə qarşı "La-sota" və "H" vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 17740 baş iribuynuzlu və 2628 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib, 5197 baş iribuynuzlu heyvanda vərəmə (allergik) və 882 baş atda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələri aparılıb və yoluxma aşkarlanmayıb.
Rayon Baytarlıq İdarəsi tərəfindən profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparılmaqla yanaşı, mütəmadi olaraq fermerlərlə görüşlər keçirilir, heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə işləri aparılır. İdarəyə daxil olan müraciətlər nəzarətə götürülərək yerində araşdırılıb lazımi kömək göstərilir.