REGİONLAR
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
Bakı, 16 avqust, AZƏRTAC
Xarici mühit obyektlərində zərərli mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Təsərrüfat obyektlərində patogen mikroorqanizmləri məhv etməklə epizootik prosesin baş verməsinin qarşısı alınır. Bu səbəbdən epizootiya əleyhinə tədbirlərdə, ən əsas işlərdən biri də profilaktik dezinfeksiyanın aparılmasıdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir.
Tədbirlərin bundan sonra da ardıcıl şəkildə aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti tərəfindən cari ilin yanvar-iyul aylarında respublikada 2497216,13 kvadratmetr sahədə profilaktik, 369611 kvadratmetr sahədə məcburi dezinfeksiya, 69100 kvadratmetr sahədə dezinseksiya və 1186 kvadratmetr sahədə deratizasiya tədbirləri görülüb.
Hazırda ölkə ərazisində epizootik vəziyyət sabitdir.