İQTİSADİYYAT
Dövlət Dəniz Akademiyasında internet-mühazirə təşkil olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru, professor Gennadi Yeqorov MDB ölkələrinin aparıcı dəniz universitetlərinin tələbə və müəllimləri üçün açıq internet-mühazirə ilə çıxış edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, internet-mühazirənin mövzusu “XXI əsrin neftdaşıyan və kombinə edilmiş qarışıq çay-dəniz tipli gəmiləri” olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisası üzrə təhsil alan tələbələrinin, müvafiq kafedra müəllimlərinin qoşulduğu və internetlə canlı yayımlanan mühazirədə professor G.Yeqorov beynəlxalq enerjidaşıyıcıları bazarında vəziyyət, neft və neft məhsullarının nəqli marşrutları, dəniz daşımalarında ekoloji problemlər və onların həlli yolları barədə ətraflı məlumat verib. O, köhnə nəsil tankerlərin fiziki və mənəvi cəhətdən köhnəlməsi, beynəlxalq konvensiyaların son tələbləri haqqında danışaraq, müasir çay-dəniz tipli gəmilərin müqayisəli təhlilini verib, onların konstruktiv və istismar xüsusiyyətlərini vurğulayıb.
Canlı internet-mühazirə akademiya tələbələrinin və müəllimlərin böyük marağına səbəb olub
Xatırladaq ki, Azərbaycan Dövlət Dəniz Akademiyası MDB məkanında dənizçilik təhsili sahəsində ən nüfuzlu ali məktəb olan Sankt-Peterburq Dövlət Dəniz və Çay Donanması Universiteti yanında Tədris-Metodiki Şuranın üzvüdür. Qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulan əlaqələrimiz ildən-ilə möhkəmlənir. Bu, ən müasir tədris metodlarının tətbiqində də özünü göstərir.