İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsi Pekində keçirilən beynəlxalq konfransda iştirak edib
Bakı, 13 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Pekində keçirilən “Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət” üzrə Beynəlxalq konfransda iştirak edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Çin Xalq Respublikasının paytaxtı Pekində Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə “Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət” üzrə Beynəlxalq Konfrans keçirilib. 2000 nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev iştirak edib.
Üç gün davam edən konfransın ilk günündə “NUCTECH MMC” şirkətinin təşkilatçılığı ilə təqdimat və sərgi keçirilib. Sərgi çərçivəsində DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “NUCTECH MMC” şirkətinin rəhbərliyi ilə görüşüb və şirkətin istehsal etdiyi yeni və müasir texnoloji avadanlıqlara baxış keçirib. İ.Babayev “NUCTECH MMC” şirkətinin istehsalı olan “e-Beam” radiasiya sistemi, insanların daxili orqanlarını skan edən rentgen aparatı, müxtəlif spektometrlər, narkotiklərin təyin edilməsi üzrə əl laboratoriya aparatları, radiasiya səviyyəsini müəyyən edən mobil avtomobillər, yük maşınlarının skan edilməsi ilə bağlı portal, stasionar və mobil X-ray qurğuları, dəmiryolu və konteyner X-ray skan sistemləri, sərnişin yoxlama sistemləri, GPS açarları və malların çatdırılması üzrə idarəetmə sistemləri, Air Cargo, əl baqajları, poçt bağlamaları və ümumi karqo baqajlarının yoxlanılması üçün X-ray rentgen avadanlıqları, tomoqraflar, sərhəd-gömrük keçid məntəqələrinin modernləşdirilməsi üzrə müasir texnologiyalar və bu kimi digər yeni texnoloji həllər ilə tanış olub.
“Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət” üzrə Beynəlxalq Konfransın rəsmi açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Baş nazirinin müavini Ni Yuefeng, ÇXR-nın Gömrük İdarəsinin rəisi Yu Guangzhou, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və “Alibaba” Şirkətlər Qrupunun rəhbəri Jack Ma çıxış ediblər. Məruzəçilərin çıxışları elektron ticarət, rəqəmsal iqtisadiyyat və cəmiyyət, yeni texnoloji innovasiyalar, gömrük idarəetmə sistemlərinin yenidən qurulması, gündəlik həyat və biznesin transformasiyası, sərhədsiz və şəffaf iqtisadiyyat çərçivələrinin işlənməsi, iqtisadi artım, inteqrasiya və beynəlxalq ticarətin təşviqi kimi mövzuları əhatə edib.
Konfrans sonra işini bölmələrdə davam etdirib. “Qiymətləndirmə və Təhlil: Böyük Verilənlərdən (Big Data) necə istifadə etmək olar?” adlı bölmədə DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Azərbaycanda gömrük sahəsində qərarların qəbul edilməsində Böyük Verilənlərin (Big Data) təhlili” üzrə təqdimatla çıxış edib və sonra “dəyirmi masa”da bu istiqamət üzrə müzakirələr aparılıb. “Dəyirmi masa”da sualları ətraflı cavablandıran İ.Babayev Azərbaycan gömrüyünün inkişafı, həmçinin dünyada baş verən və hökm sürən rəqəmsal iqtisadiyyat, Böyük Verilənlərin idarə olunması və Əşyaların İnterneti kimi sahələrin inkişafı və bu sahələrin ticarətin asanlaşdırılmasında, eyni zamanda gömrük idarəçiliyin tənzimlənməsində rolu haqqında məlumatlar verib.