İQTİSADİYYAT


Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq müzakirə olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Dövlət Gömrük Komitəsində (DGK) Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunvericilik, gömrük orqanlarının qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Qeyd edilib ki, 2021-ci ildə gömrük orqanları tərəfindən Azərbaycandan tranzit keçməklə Avropaya daşınmasına cəhd göstərilən 3 ton 43 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bunun əsas hissəsini heroin təşkil edib.

Komitə sədrinin müavini qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrüyünün nümunəvi kinoloji xidmət formalaşdırdığını, gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə etdiyini və beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini deyib.

Əsgər Abdullayev Komitənin qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bir sıra beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərlə səmərəli əlaqələrindən bəhs edib, Böyük Britaniyanın Milli Cinayət Agentliyi ilə də bu sahədə əməkdaşlığın daha çox gücləndirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.

Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib və əlavə edib ki, Milli Cinayət Agentliyinin dünyanın bir sıra regionlarında ofisləri fəaliyyət göstərir və məqsəd həmin ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq quraraq cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaqdır.

Con Qoldinq Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurlardan məmnunluğunu ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.