CƏMİYYƏT
Dövlət İdarəçilik Akademiyasında gömrük əməkdaşları üçün onlayn mühazirə keçirilib
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Gömrük Komitəsinin (DGK) şəxsi heyəti üçün “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda onlayn mühazirə keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun keçirdiyi mühazirədə DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri, idarə rəisləri və aidiyyəti qurumların rəhbərləri və gömrük əməkdaşları iştirak ediblər.
Mühazirə Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən nəzərdə tutulan tədbirlər çərçivəsində təşkil olunub.
Təlimdə Azərbaycanın inkişaf yolundan bəhs edən akademik Urxan Ələkbərov reallaşan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu qeyd edib.
Təlimdə, həmçinin Azərbaycanın dünyada inklüziv inkişaf indeksi üzrə reytinqi, dövlət idarəçiliyində yeni texnologiyalar, Heydər Əliyev Fondu və UNESKO-nun sənədlərində Azərbaycanın qeyri-maddi mədəni irsi, dövlət idarəçiliyində səmərəlilik, qaçqınlar (məskunlaşma), təhsil, yaxın keçmiş və bu gün, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri və digər mövzularda təqdimatlar nümayiş etdirilib.
Vurğulanıb ki, dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini ölkəmiz səmərəli şəkildə reallaşdırır.
Sonra çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov təlimi yüksək qiymətləndirib, müzakirə edilən mövzuları çox faydalı hesab edib. İsmayıl Hüseynov innovativ idarəçilik texnologiyalarına dair təqdimatları, xüsusilə də ölkənin siyasi, iqtisadi, hərbi uğurlarının elmi şəkildə izahının gələcəkdə təlim iştirakçılarının işinə misilsiz töhfə verəcəyinə əminliyini bildirib.
Birinci müavin gömrük orqanlarının ölkənin ali təhsil müəssisələri ilə faydalı əməkdaşlığından da söhbət açaraq Komitənin Dövlət İdarəçilik Akademiyası ilə mövcud əlaqələrinə toxunub, səmərəli münasibətlərin həyata keçirildiyini, gələcəkdə də bu əməkdaşlığın uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov rəhbərlik etdiyi Akademiya ilə Dövlət Gömrük Komitəsinin uğurlu əməkdaşlıq nümayiş etdirdiyini qeyd edərək DGK rəhbərliyinə təşəkkürünü ifadə edib.