ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasının komandası “Enactus-2018” milli yarışmasında birinci yerə layiq görülüb
Bakı, 23 aprel, AZƏRTAC
“ADA” Universitetində “Enactus-2018” Azərbaycan milli yarışmasının final mərhələsi keçirilib. Yarışın əsas məqsədi Azərbaycanda iqtisadi potensialın gücləndirilməsində gənclərin rolunu artırmaq, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq və sosial biznes ideyalarını tələbələr arasında təbliğ etməkdir. Yarışda iştirak üçün 12 universitetin komandası müraciət edib.
Final mərhələsində üç ali məktəbin – Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Enactus” komandaları iştirak ediblər. “DİA Enactus” komandası üç layihə ilə müxtəlif dövlət qurumları, təşkilatlar və şirkət nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti qarşısında çıxış edib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Dövlət İdarəçilik Akademiyasının komandası birinci yerə layiq görülərək “Enactus-2018” Azərbaycan milli kubokunu qazanıb. Beləliklə, DİA-nın tələbələri cari ilin 9-11 oktyabr tarixlərində ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində (Silikon Vadisində) keçiriləcək “Enactus-2018” dünya kuboku yarışında ölkəmizi təmsil edəcəklər.
Komanda DİA-nın müxtəlif ixtisas və kurslarında təhsil alan yaradıcı, təşəbbüskar tələbələrdən ibarətdir. Müəllim və məsləhətçilərin köməyi ilə reallaşdırdığı sosial-biznes layihələri ilə icmalarda insanların gəlirlərini artırmağın yollarını öyrətməklə onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması və biznes vasitəsilə həyatlarını müsbətə doğru dəyişdirməyə çalışırlar.
Qeyd edək ki, “Enactus” proqramı (ENtrepreneurial ACTion US - Bizim Sahibkarlıq Fəaliyyətimiz) 1975-ci ildə ABŞ-da əsası qoyulan, 2012-ci ilə qədər SIFE (Students In Free Enterprise) adı ilə tanınan sahibkarlıq fəaliyyəti vasitəsi ilə əldə olunan imkanlar hesabına dünyada inkişafa nail olmaq üçün ən yaxşı ali məktəblərin tələbələrini, fakültə məsləhətçilərini, akademik liderlərini və biznes mütəxəssislərini bir araya gətirən beynəlxalq platformadır. Bu qlobal təşəbbüsə indiyədək 36 ölkədən 72 min tələbə və 1730 komanda qatılıb.
Azərbaycan “Enactus” proqramına 2005-ci ildən etibarən qoşulub. Bu müddət ərzində ölkəmizin müxtəlif ali məktəblərinin komandaları bu yarışmaya qatılıb. DİA ilk dəfə 2016-cı ildə ölkə çempionu olaraq Kanadanın Toronto şəhərində keçirilən dünya birinciliyində 17 nəfərlik heyətlə iştirak edib.